İsmayıllıda təhsil bayramı keçirildi...

11 2018 15:10
Son illər İsmayıllıda “Təhsil bayramı”nın keçirilməsi bir ənənəyə çevrilib. Təhsil bayramında təhsildə, tədrisdə, ali məktəblərə qəbulda fərqlənənlər təqdir olunur. Bu ilki bayram isə daha təntənəli, daha geniş miqyasda, qardaşlaşmış şəhərlərdən gələn qonaqların, elm adamlarının iştirakı ilə keçirilib.
Tədbir iştirakçıları əvvəldə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər. Bu il İsmayıllı yeni tədris ilinə daha yüksək nəticələrlə, daha böyük iddialarla başlayacaq. Bu il rayonun tam orta məktəblərini bitirən 752 məzundan 360-ı tələbə adını qazanıb. Onlardan biri 700 bal toplayaraq ən yüksək nəticəni göstərib, həmçinin 38 nəfər 600-dən çox, 87si isə 500-dən artıq bal toplayıb. Birinci Qrant layihəsində 4, ikinci Qrant layihəsində 5 müəllim qalib gəlib. “Təhsil bayramı”nda çıxış edənlər də qazanılan bu və digər uğurlardan danışıb, növbəti tədris ilində daha yüksək nəticələrə ümid etdiklərini dilə gətiriblər. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da təhsildə fərqlənənləri, ali məktəbə daxil olaraq ilk dəfə tələbə adını qazananları təbrik edib, İsmayıllı təhsilinə ən gözəl hədiyyənin isə Prezident İlham Əliyevin sərəncamı əsasında Lahıc qəsəbəsində tikilən 400 yerlik tam orta məktəb olduğunu qeyd edib. Tədbirdə iştirak edən Belarusiyalı qonaqlar isə təhsildəki uğurlara görə icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova xüsusi hədiyyə təqdim ediblər. Təhsil bayramının iştirakçıları əldə edilən yüksək nəticələri təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər. Sonda Öz yüksək nəticələri ilə fərqlənərək tələbə adını qazananlara, təhsildə fərqlənənlərə müxtəlif hədiyyələr və maddi mükafatlar təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.