Səllim mal-qara yollarda təhlükə yaradır...

07 2018 16:58
Şəki turizm şəhəridir və hər il çox sayda xarici qonaqları qəbul edir. Ancaq turizim şəhərində səllim buraxılan mal-qaranın görünməsi heç də xoş təsir bağışlamır. Digər tərəfdən, bu sürücülər üçün də real təhlükədir. Məsələni dəfələrlə işıqlandırmağımıza baxmayaraq, problem hələ də öz həllini tapmayıb. Şəki polisi də bu istiqamətdə mütəmadi olaraq tədbir aparır.
Şəhərdaxili yollarda səllim mal-qaranın gəzməsi sürücülər üçün böyük təhlükə törədir. Anidən yola çıxması sürətlə gedən avtomobillərin qəza törətməsinə səbəb olur. Həmçinin səllim mal-qara şəhər ərazisindəki asfalt örtüyünə, yaşıllıqlara da ziyan vurur. Heyvanların nəzarətsiz buraxıldığı küçələrdən biri də Bəxtiyar Vahabzadə küçəsidir. Küçədə yaxın vaxtlarda yaşıllaşdırma işləri aparılsa da, səllim mal-qara səbəbindən yaşıllıqları qorumaq çətinləşib. Qeyd edək ki, mal-qaranın yollarda nəzarətsiz buraxılmasına görə İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.5.2-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur. Eyni zamanda, ev heyvanlarının saxlanılması qaydaları pozulduğu təqdirdə İnzibati xətalar məcəlləsinin 290.1.1-ci maddəsinə görə mal-qara sahiblərinə 200 manat məbləğində cərimə nəzərdə tutulur. Xəta törətmiş şəxs yenidən eyni hərəkətə yol verərsə, bu zaman o 2-ci dəfə 300 manat, 3-cü dəfə 800-1000 manat məbləğində cərimə edilir.