Bölgələrdə fermer və koordinasiya şuraları yaradılır...

03 2018 14:33

Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir. Hazırda Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə start verilib. Şamaxı rayonunun Dövlət Aqrar İnkişaf mərkəzində Fermerlər və Koordinasiya şuralarının təsis olunmasına dair iclas keçirilib. Yerli fermerlərə yeni yaradılan şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Fermer və Koordinasiya şuralarına DAİM-in direktor müavini ictimai əsaslarla rəhbərlik edir. Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.