Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışı oldu...

31 2018 18:32
Bu gün Şəkidə Mədəniyyət nazirliyinin sifarişi əsasında ərsəyə gəlmiş 40 yerlik baxça və Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışı olub. Açılışda Mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkili və BDU-nun rektoru Abel Məhərrəmov, Şəki rayon administrasiyası, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib. Yeni tikilən uşaq bağçası ilə tanış olan qonaqlara müəssisə barədə ətraflı məlumat verilib. Bildirilib ki, bağçada uşaqların təlim- tərbiyyəsi və əyləncəsi üçün bütün şərait yaradılıb. Oyun otaqları, mətbəx, sanitar qovşağı, musiqi və tədbirlər otağı və digər otaqlar mövcuddur. Daha sonra qonaqlar Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışına qatılıblar. Şairin ev muzeyi qarşısında çıxış edənlər Şəkinin tarixi şəxsiyyətlər məkanı olduğunu bildirib. Bəxtiyar Vahabzadənin Azərbaycan və ümumən türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəsti-xətti olan şairlərdən biri olduğu xüsusi vurğulanıb. Sonra isə muzeyin açılışını bildirən rəsmi lent kəsilib və qonaqlar muzeylə yaxından tanış olublar. Qeyd edək ki, muzeydə 700-ə yaxın eksponat sərgilənir.