Şəkidə qızıl axtaranlar saxlanılıb...

31 2018 13:39
Qızıl çıxarmaq üçün yeri qazanlar İran və Azərbaycan vətəndaşları olub.
Bakı şəhər sakinləri Sahil Abuşov, Gündüz Əliyev İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev, Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər. Sahil Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. Mübariz Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daha sonra Sahil Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.