Şimal-qərb bölgəsində reydlər davam edir...

28 2018 16:55
Artıq bir neçə gündür ki, respublikanın hər yerində olduğu kimi Şimal-Qərb bölgəsində də, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə reydlər keçirilir. Bu dəfə Oğuz, Zaqatala və Şəkinin magistral yollarında qayda pozanlar cəzalandırılıb.
Oğuz rayonunda keçirilən reyddə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb. Onlara qarşı inzibati qaydada protokol tərtib olunub. Piyadalara isə yol keçərkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri tövsiyyə olunub. YPX də öz növbəsində reydlərə davam edir. Xidmətin Yevlax-Zaqatala-Gürcüstan yolunun 46-cı kmliyində yerləşən 717 saylı postun əməkdaşlarının keçirdikləri reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilində texniki nasazlığı olan sürücülər saxlanılıb və onlara inzibati qaydada protokol tərtib edilib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Xidməti Alayının Beşinci tağımı ərazisində də reyd təşkil olunub. Şəkidə reyd zamanı sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edən və kobud qayda pozuntularına yol verən sürücülər saxlanılıb. Reyd zamanı 90 müxtəlif qayda pozuntusu aşkar edilib. Reydlərin əsas məqsədi sürücüləri maarifləndirmək, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdır.