Acınohurdakı sahələr heyvandalıq yoxsa əkinçilik üçün yararlıdır?

28 2018 11:58
Təbiət qoruğunun ərazisi əkin üçün istifadə olunur, nəticədə ceyranların həyatına təhlükə yaranır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər internet məkanında yayılan bu iddianı araşdırıb.
Şəki, Qax və Zaqatala rayonundan olan fermerlər xırdabuynuzlu heyvanlarının qışlamaları üçün uzun illərdir ki, Acınohur düzündəki 30 min hektar sahədən istifadə ediblər. Müqavilə əsasında bu ərazini icarəyə götürən yüzlərlə fermer burada qoyunların qışlamaları və çobanların yaşaması üçün lazımi şəraiti yaradıblar. Son vaxtlar ərazidə taxıl əkininin aparılması isə birmənalı qarşılanmayıb. İlisu Dövlət qoruğunun ərazisi olan Acınohur düzündə onlarla nadir bitki növü var və bura həm də ceyranlar üçün də otlaq yeridir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq araşdırma aparıb. Nazirliyin açıqlamasında bildirilir ki, ərazi dövlət fondunun qış otlaq sahələridir və uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilir. Ərazinin 7500 hektarının isə əkinə yararlı hala salınması üçün müvafiq şirkətə ayrıldığı müəyyən edilib. İşlər aprılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb. Eyni zamanda şirkət Acınohur gölünün cənub hissəsindəki 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib. Ekologiya və təbii sərvətlər nazirliyindən o da bildirilir ki, ərazilərdə ceyranların yem bazasınıın azalması, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin fermerlərə verilməsinin məhdudlaşdırılması tövsiyə olunub.