Qəbələyə gələn turistlərin sayının artacağı gözlənilir...

06 2018 13:44

Yayın gəlməsilə turizm məkanları daha da canlanmağa başlayıb. Qış turizm imkanları ilə yanaşı, yay turizmi də xeyli inkişaf edən Qəbələdə turist bumu yaşanır. Xüsusilə də xarici qonaqlar üstünlük təşkil edir.Hər gun 4500 qonağı qəbul etmək gücündə olan Qəbələdə 20-dən artıq otel və mehmanxana fəaliyyət göstərir ki, onların da 90 faizi doludur. Rayonda Rusiya, İran, Hindistan, Qazaxıstandan olan xarici turistlər az olmasa da ərəb turistlərin sayı daha çoxdur. Üstəlik Dubay və Omandan birbaşa Qəbələyə təyyarə reyslərinin təşkil olunması onu deməyə əsas verir ki, bölgəyə səfər edən ərəblərin sayı gözlənildiyindən daha çox olacaq.Turistlər kanatla gəzinti zamanı rayonun ecazkar gözəlliyini görür, səfalı məkanlarını gəzir və Qəbələnin özünəməxsus təamlarından dadırlar. Otellərdə turistləri məmnun etmək üçün menyular zənginləşdirilib. Həmçinin vaxtı səmərəli keçirmək üçün müxtəlif əyləncələr də təşkil olunur.Ötən il Qəbələyə 242 min 125 turist gəlib. Bu il bu rəqəmin daha da artacağı gözlənilir. Yeni təyyarə reyslərinin təşkilinin, digər tərəfdən iyulun 30-dan start götürəcək X Qəbələ Beynəlxalq Musiqi festivalının bu işdə xüsusi payı olacaq.