Bölgələrdə Cümhuriyyətin 100 illiyi qeyd edildi...

26 2018 16:13
Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Pedaqoji Universitetinin Şəki filialı “Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçilik tariximizin şərəfli səhifəsi” adlı elmi-praktiki konfrans keçirib.Konfransda, “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir”, “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı”, “Azərbaycan müstəqillik qazanıldıqdan sonra” mövzularında məruzələr dinlənilib.Çıxışlarda vurğulanıb ki, bu Cümhuriyyət xalqımızın tarixində böyük izlər qoyub, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Konfransda cümhuriyyətə həsr olunan şeirlər də səsləndirilib. Şəki Tibb Kollecində də Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İlk olaraq tələblərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirin bədii hissəsində mahnı və şeirlər ifa edilib, flashmob göstərilib. Tədbirin sonunda fərqlənən tələbələrə fəxri fərmanlar təqdim edilib. Şəki Dövlət Regional Kolleci də Cümhuriyyətin 100 illiyini qeyd edib. Bu münasibətlə keçirilən tədbirdə tarixə yenidən nəzər salınıb, bildirilib ki, Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Tədbirdə rəsm sərgisinə baxış olub, rəsv və musiqilər ifa edilib.
Zaqatalada keçirilən tədbirdə isə ilk öncə iştirakçılar Cümhuriyyətin 100 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. 100 il öncə yaranan, o zamanki siyasi çəkişmələrin fonunda cəmi 23 ay yaşayan Azərbaycan Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yoldan bəhs edilib. Çıxış edənlər Şərqdə ilk müstəqil dövlət olan Azərbaycanın müstəqillik tarixindən danışaraq, ikinci dəfə öz müstəqilliyinə qovuşan dövlətimizin bu günki güc və qüdrətini xüsusi vurğulayıb.
İsmayıllı məktəbliləri isə Cümhuriyyətin 100 illiyini özünəməxsus şəkildə qeyd ediblər . 3 saylı məktəb-liseyin sagirdləri tərəfindən keçirilən flashmob maraqla qarşılanıb. Flashmob 3 hissədən ibarət olub: Cümhuriyyətin tarixi və həmin dövrdə görülən işlər barədə şagirdlərə məlumat verilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib və Fləşmobun əsas hissəsi nümayiş etdirilib.
Xalq Cümhuriyyətinin 100 illiyi Oğuzda da qeyd edilib. Rayon administrasiyası və ictimaiyyət nümayəndələri öncə Padar kəndində doğulmuş və 1918-1920-ci illərdə Cümhuriyyət Məclisinin deputatı olmuş Qərib Məmmədkərim oğlunun xatirəsini yad ediblər. Daha sonra keçirilən konfransda çıxış edənlər bildirib ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. Oğuz rayon təhsil şöbəsinin keçirdiyi "Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı tədbirdə Cümhuriyyət tarixindən danışılıb. Bildirilib ki, 1918-ci ilin 28 may tarixində əsası qoyulan Cümhuriyyət xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi idi. Həmçinin o da vurğulanıb ki, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer tutur.