Sahibkarlar öz müəssisələrini necə genişləndirsin?

08 2018 16:14
Zaqatalalı iş adamı min bir zəhmət bahasına istehsal etdiyi mürəbbələri sata bilmədiyindən məhsul anbarlarda qalıb. İstehsal etdiyi məhsulunu sata bilsə sahibkar bir neçə ilə müəssisəsini tam təkmilləşdirməklə xarici bazarları da ələ almaq niyyətindədir. Təbii ki, bu işdə ona yardım edən olarsa...
Təbriz Allahverdiyev 2003-cü ildə Zaqatalada yaratdığı kiçik müəssisədə mürəbbə istehsalına başlayıb. 2017-ci ildə müəssisədə istehsal edilən 62 min banka mürəbbədən yalnız 9 minini sata bilib. Məhsulunu satmaq üçün azexportda da qeydiyyatdan keçib. Çəkisi 460 qram olan bir banka mürəbbənin istehsalının maya dəyəri təqribən 1 manat 20 qəpiyə başa gəldiyi halda yerli bazarda məhsul cəmi 1 manat təklif olunur. Hələlik istehsal müasir avadanlıqlarla aparılmadığından məhsulu tam şəkildə xarici bazarlara, Avropa ölkələrinə satmaqda çətinlik yaranır. Şəki-Zaqatala iqtisadi zonasını özündə birləşdirən Balakən ABAD mərkəzi sahibkara dəstək verməyə hazırdır. İl ərzində 300 ton məhsul istehsal etmək gücündə olan müəssisənin işə düşməsi həm də 100-ə yaxın insanın mövsümi işlə təmin edilməsi deməkdir.