Gənclər günü bölgələrdə...

02 2018 15:56
“2 fevral Gənclər günü” ötən ilin Gənclər paytaxtı seçilən Balakəndə geniş qeyd edilib. Balakəndə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərlə görüşdə ötən il əldə edilən uğurlardan bəhs edilib. Balakənin yetirmələrindən olan Rəsul Çunayev və Uluxan Musayevin IV İslam oyunlarında qələbəsi xüsusi vurğulanıb. Gənclərsə çıxışlarında ölkəmizin gənclər siyasətini dəstəklədiklərini bildiriblər. Sonda bir qrup gənc mükafatlandırılıb.
"2 Fevral Gənclər günü" münasibəti ilə Zaqatalada təşkil edilən konfransa Dövlət Himninin ifası ilə start verilib. Ardınca gənclərə həsr olunmuş film nümayiş edilib. Tədbirdə gənclərdə vətənpərvərlik ruhunun yüksəlişi istiqamətində görülən işlər, müasir Azərbaycanın inkişafında gənclərin rolu müzakirə edilib. Konsert proqramı ilə davam edən tədbirin sonunda rayonun ictimai siyasi həyatında mühüm rol oynayan bir qrup gənc mükafatlandırılıb.
Qaxda "2 fevral Gənclər günü" münasibətilə ümumrayon tədbri keçirilib. Bildirilib ki, Qax gəncləri 2017-ci ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, milli mənəvi dəyərlərimizin qorunmasına öz töhfələrini veriblər. Rayon gənclərinin qazandıqları uğurlardan bəhs edən film nümayiş olunub. Maraqlı konsert proqramı və əyləncəli oyunlarla davam edən bayram tədbirinin sonunda fəal gənclərə fəxri fərmanlar, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub.
Gənclər gününü Şəki gəncləri də qeyd edib. Bu münasibətlə keçirilən tədbirdə ölkədə gənclərə göstərilən qayğıdan danışılıb. İl ərzində müxtəlif sahələrədə fərqlənən gənclərə fəxri fərman və mükafatlar verilib. Hər il olduğu kimi bu il də tələbələr arasında müsabiqə keçirilib. Qalib tibb kollecinin tələbələri olub.
Gənclər günü Şamaxı rayonunda da qeyd edilib. Tədbirdə vurğulanıb ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Dövlət gənclər siyasəti uğurla davam edir. Şamaxı gənclərinin bu sahədəki nəaliyyətlərindən də bəhs edilib. Həmçinin Gəncləri düşündürən məsələlər ətrafına fikir mübadiləsi aparılıb. Sonda bir qrup gənci Şamaxı rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilib.