Kərəm Həsənov Şamaxıda müraciətləri dinləyib...

31 2018 16:25
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şamaxıda vətəndaşların müraciətlərini dinləyib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Şamaxı rayonu ilə yanaşı, Ağsu və Qobustan rayonlarından olan sakinlərin də müraciətlərinə baxılıb. Müraciətlər əsasən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların təyinatına uyğun istifadəsi, texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. Vətəndaş müraciətlərində qaldırılan bir sıra məsələlər operativ olaraq öz həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin həlli istiqamətində tapşırıqlar verilib. Qəbul zamanı vətəndaşlara torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib. O da vurğulanıb ki, bilavasitə yerlərdə fəaliyyət göstərən komitənin mobil torpaq laboratoriyaları vasitəsilə fermerlər və kəndlilər onlara məxsus əkin sahələrinin münbitliyi barədə məlumatları, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. Mülkiyyətçilər torpaq analizlərinin aparılması, onun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə komitəyə müraciət edə bilərlər.