Dəvə təsərrüfatı genişləndirilir...

30 2018 15:52

Dəvə dedikdə gözümüzün önündə daha çox səhralıqlarda gəzən karvanlar canlansa da, qədim dövrlərdən Azərbaycanda da dəvəçilik mövcud olub. Bir zamanlar "Səhra gəmilərindən" daha çox yük daşınmasında istifadə edilirdi. Dövrümüzdə isə "Səhra gəmiləri"ndən nəinki yalnız yük daşımaq həm də, gəlirli fermer təsərrüfatı qurmaq mümkündür. Elə İsmayıllı rayonunda da dəvə təsərrüfatı yaradan şəxslər də məhz bu məqsədi güdür. İsmayıllının Xanagah kəndində artıq iki ilə yaxındır ki, dəvə təsərrüfatı yaradılıb. Rayonun iqlim şəraitinə artıq uyğunlaşdırılan dəvələrin artırılmasına da başlanılıb. 13 ay təşkil edən boğazlıq müddətindən sonra bala əldə olunub. Heyvan sahibinin sözlərinə görə, dəvələr güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində, yerli iri buynuzluların yediyi qidaları asanlıqla yeyə bilirlər. Əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir, südünün yağlılığı isə 50 faizdən çoxdur. Buna görə də dəvənin əti, südü və yununu bazara çıxarmaqla yaxşı gəlir əldə etmək olar. Məhz bu səbəbdən sakinlər bu heyvanların sayını artıraraq dəvəçilik təsərrüfatını genişləndirmək niyyətindədir. Yaxın günlərdə təsərrüfatı genişləndirmək məqsədilə daha bir neçə dəvə gətiriləcək.