Şəkidə 2017-ci ilin yekunları müzakirə edildi...

26 2018 16:07

Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda Şəkidə həyata keçirilən layihələrdən söz açılıb. Bildirilib ki, ötən il Şəkinin təhsil, turizm, mədəniyyət, səhiyyə və aqrar sahələri üçün uğurlu olub. İl ərzində şəhərin 15 məhəlləsində şəhər icra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşü təşkil edilib. Prospekt və küçələrdə istismar müddətini başa vuran qaz boruları yeniləri ilə əvəzlənib, elektrik transfarmatorlarının yenilənməsi və təmiri ilə bağlı işlər görülüb. Həmçinin şəhərin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı 2-ci mərhələ başa çatdırılıb, 3-cü mərhələdə işlər sürətlə davam edir. Sonda şəhər icra hakimiyyətinin başçısı qarşıda duran yeni vəzifələrdən bəhs edib, tapşırıq və tövsiyələrini verib.