Oğuzda antisanitar vəziyyət...

25 2018 15:40
Ölkəmizin ən səfalı rayonlarından biridir Oğuz. Əsrarəngiz meşələri, şəlalələri ilə göz oxşayır. Məhz bu səbəbdən hər il minlərlə turist dağların qoynunda istirahət etmək istədikdə Oğuzu seçir. Ancaq, təəssüf olsun ki, həmin dağların qoynunu sakinlər zibilliklər məskəninə çevirib. Təbiətin gözəlliyinin insan əli ilə çirkləndirilməsi antisanitar vəziyyət yaradır, həmçinin bura gələn qonağın bir də gəlməməsinə səbəb olur.
Oğuzun bir neçə ərazisi, xüsusilə də dağətəyi ərazilər zibil poliqonunu xatırladır. Sakinlərin sözlərinə görə, antisanitar şərait və üfunət iyindən həmin ərazilərdə yaşaya bilmirlər. Gəmiricilərin, sahibsiz itlərin və digər heyvanların məskəninə çevrilən zibilliklər vəziyyəti daha da təhlükəli edir. Mərkəzi küçələrdə bir neçə ərazidə zibil qutuları qoyulsa da, digər küçələrdə ümumiyyətlə zibil qutularına rast gəlinmir. Rayon kommunal təsərrüfat idarəsinin rəsmisi mövcud vəziyyətin aradan qaldırılması üçün sakinlərin də yardımçı olmasına diqqət çəkir. Digər tərəfdən, vətəndaşlar müqavilə əsasında zibillərin tullanmasında da maraqlı deyil. Məhz bu səbəb problemin daha da qabarmasına gətirib çıxarıbOğuz şimal-qərb bölgəsinin turizm əhəmiyyətli rayonlarından biridir. Təkcə ötən il rayonda 5000-dən çox turist qonaq olub. Turistlərin daha çox yolunun düşdüyü dağ ətəyi ərazilərdə bu cür görüntünün olması rayonun imicinə də zərbə vurur.