Köndələn kəndinin məktəbinə gedən təhlükəli yol...

12 2018 16:08
Bu kənddə şagirdlər məktəbə getmək üçün hər gün kilometrlərlə yol gedirlər. Söhbət Şəkinin Köndələn kənd məktəbindən gedir. Köndələn kəndinin məktəbinin yolu da elə yaman "köndələndir." Qışın soyuğunda, yayın istisində kənddən bir xeyli aralıda yerləşən məktəbə gedən şagirdlər sözün əsl mənasında təhlükə sınağından keçirlər.
Köndələn kənd məktəbi kənddən 4-5 km uzaqlıqda yerləşir. Şagirdlər üçün hər gün bu qədər məsafəni qət etmək qışda daha çətin olur. Nəzərə alsaq ki, kənd həm də Şəki-Qax magistralının yaxınlığında yerləşir uşaqların məktəbə gedib-gəlməsi çox böyük təhlükəyə çevrilir. Ərazidən sürətlə keçən avtomobillər, piyadalar üçün səki və piyada keçidlərinin olmaması da dərsə gedən uşaqlar üçün çətinlik yaradır. Bir çox hallarda övladlarını məktəbə özü aparan valideynlər işləri olduğu üçün bəzən məktəbə göndərmədiklərini deyirlər. Məsələ ilə bağlı valideynlər dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini bildirirlər. Elə Şəki şəhər Təhsil şöbəsi də məsələdən xəbərdardır. Belə görünür ki, hələ müəyyən müddət şagirdlər eyni yolu gedib-gəlməli olacaqlar. Uşaqların gediş-gəlişi məqsədilə əraziyə nəqliyyat vasitəsi təyin olunarsa, proses bir qədər asanlaşar.