Zaqatala sakinləri satılmayan xurmanı qurudur...

07 Dekabr 2017 17:02
Xurma Zaqatala və Balakən rayonlarının iqtisadiyyatında önəmli yer tutur. İlin məhsuldarlığından asılı olaraq, bu rayonlarda ümumilikdə 20-25 min ton aralığında xurma məhsulu tədarük edilir. Ancaq təəssüf ki, bu məhsulun çox az hissəsi satılır. Bəs, satılmayıb qalan tonlarla meyvənin aqibəti necə olur? Yerli sakinlər bu məhsulun tələf olmaması üçün məsələyə olduqca faydalı çıxış yolu tapıblar və illərdir ki, bu üsuldan istifadə edirlər.
Ötən illərdə olduğu kimi bu il də tədarük edilən xurmanın yalnız müəyyən bir qismi Rusiya bazarlarına çıxarıldı. Yerli bazarlarda da bu məhsula tələbat az olduğundan sakinlər artıq neçə illərdir ki, xurmanı həm də qurudulmuş halda bazara çıxarırlar. Zaqatala rayonunun Car kəndində demək olar ki, hər bir ailədə xurma qurusu hazırlanır. Kənd sakini Arif Kaştayev də hər il öz təsərrüfatından topladığı tonlarla xurmanı tələf etməmək üçün ev şəraitində qurudaraq gəlir əldə edir.Bərk xurma soyularaq,saplaqları vasitəsi ilə ipə düzülür,sonra isə qurumaq üçün asılır. Xurma qurusunun tam hazır olması üçün iki aya yaxın müddət tələb olunur. İpə düzülmüş xurmanı sakinlər özləri hazırladıqları qurutmaxanalarda təqribən 7-8 gün qurutduqdan sonra tam hazır olması üçün açıq havada saxlayırlar. Qiymətlərə gəlincə, bir kiloqram hazır xurma qurusu ilin fəslindən asılı olaraq, 2-3 manata alıcılara təklif olunur. Xurma və xurmadan hazırlanan bu məhsullar həm də müalicəvi xarakter daşıyır. Yod çatışmazlığından əziyyət çəkən bölgələrimizdə isə bu məhsullar əvəzedilməz qida vasitəsidir. Təəssüf ki, bir çox hallarda ekoloji cəhətdən təmiz, orqanizm üçün faydalı olan yerli məhsullar yetərincə dəyərləndirilmir. Qonşu ölkələrdə bu məhsullar brend sayıldığı halda, yerli bazarlarda nisbətən daha zəif satılır.