Gənclər maarifləndirildi...

14 Noyabr 2017 16:25

Şəki Dövlət Texniki kollecində hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə tələbələrlə görüş keçirilib. “Narkamoniyaya yox deyək”, “Dini radikalizmin fəsadları”, “Erkən nikah və onun fəsadları” mövzusunda hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən çıxışlar edilib. İnsanın özünü öz qatilinə çevirən narkotik maddələrdən istifadənin mərkəzi sinir sisteminə təsirindən bəhs edilib. Narkomanların potensial cinayətkar olduğu, mülkiyyət cinayətlərinin əksəriyyətinin narkomanlar tərəfindən törədildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanda ümumi əhalinin 0.3% i narkotik istifadəçisi olaraq qeydiyyata alınıb. Şəkidə isə 250-yə yaxın narkoman qeydiyyatdadır. Ümumi nisbətdə ölkəmizdə narkomanların sayı az olsa da genişlənməsinin qarşısını almaq üçün inzibati və maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda dini radikalizm, erkən nikah kimi mənfi halların aradan qaldırılması da ilk növbədə cəmiyyətin maariflənməsindən asılıdır. Bu səbəbdən təhsil müəssisələrində belə tədbirlərin keçirilməsi gənclərin məlumatlı olmasına müsbət təsir göstərir.