Bu kənddə hamı velosiped sürür...

14 Noyabr 2017 15:59
Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın dağlı kəndində avtomobil heç də dəb deyil. Bu kənddə əsas nəqliyyat vasitəsi hər tərəfli faydalı olan velosipeddir. Uşaq da, gənc də, yaşlı nənə-babalar velosiped sürür. Bir sözlə, əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olan Zaqatalanın Dağlı kəndində keçmişlə müasirlik demək olar ki, vəhdət təşkil edir.
Bu kənddə hər evdə mütləq bi velosiped var... 3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr kənarda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri hətta qadınlar da uzun illərdir ki, velosiped sürür. Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində nəqliyyat vasitəsi kimi əsasən velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedir. Digər tərəfdən, velosiped sürməyin insan orqanizminə böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər. Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verməyinin əsas səbəbi insan sağlamlığı üçün faydalı olmaqla yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır..