Şəhidlərin xatirəsinə park salınır...

13 Noyabr 2017 16:48

Oğuzun ucqar Xaçmaz kəndində şəhidlərə xatirə parkı salınır. “Sağlam Gələcəyə Doğru” İctimai Birliyinin yeniyetmə və gənclərdə vətənpərvərlik duyğularını aşılamaq məqsədilə təqdim etdiyi layihənin təqdimat mərasiminə Oğuz rayon icra hakimiyyətinin, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ veteranları qatılıb. Diqqətə çatdırılıb ki, əvvəllər yararsız olan bu sahə kol-kosdan, çay daşlarından təmizlənərək bir hektara çatdırılıb. Lakin ərazinin genişləndirilməsi imkanları var və bu istiqamətdə işlər davam etdiriləcək. İlkin olaraq ərazidə iqlimə uyğun şabalıd və cökə tingləri əkilib. Layihə müəllifləri bildirib ki, turizm marşrutu üzərində yerləşən xatirə parkında bura təşrif buyuran hər kəsə könüllü ağac əkmək imkanı yaradılacaq. Həmçinin könüllülər vasitəsilə xarici turistlərə layihənin əhəmiyyətini anladan məlumat kitabları paylanacaq, lövhələr asılacaq. Təqdimat mərasiminə qatılan şəhid ailələrinin üzvləri bu xeyirxah aksiyanı yüksək qiymətləndirib, yeniyetmələrdə vətənprvərlik hislərinin aşılanmasında bu parkın mühüm rol oynayacağını bildirib.