Dərbənddəki Azərbaycan teatrı Zaqatalada qastrol səfərində...

12 Oktyabr 2017 16:16

Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram teatrı Azərbaycana qastrol səfəri çərçivəsində Zaqatalalı tamaşaçılar qarşısında çıxış edib. Tamaşa Zaqatalalılar tərəfindən maraqla qarşılanıb. İsi Məlikzadənin eyniadlı əsəri əsasında səhnələşdirilən “Hərənin öz ulduzu” komediyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Komediya rayonların birində, Mədəniyyət evinə təyin edilən müdirin burada başına gələn hadisələrdən bəhs edir. Paytaxtdan rayona təyinatla gələn Şöhrət adlı yeni müdir, Mədəniyyət evinin incəsənətdən anlayışı olmayan, qohumlardan ibarət kollektivini qastrol səfərinə hazırlamalıdır. Tamaşaçıları güldürməklə yanaşı, həm də düşündürən komediyanın quruluşçu rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi, Dağıstanın əməkdar artisti Laləzar Hüseynovadır. 1898-ci ildən fəaliyyətə başlayan Dram teatrı demək olar ki, hər il səhnələşdirdikləri müxtəlif tamaşalarla Azərbaycan tamaşaçısının görüşünə gəlir. Prezident İlham Əliyevin Dərbənd şəhərində teatr üçün yeni binanın tikintisi barədə verdiyi göstəriş kollektiv tərəfindən böyük sevinclə qarşılanıb. Dağıstanda yeganə Azərbaycan dilli teatr üçün tikiləcək yeni binanın layihəsi artıq hazırdır. Yaxın günlərdə isə tikinti işlərinə başlanacaq.