Sürülər yaylaqdan-qışlağa köç edir...

11 Oktyabr 2017 16:49
Qoyun-quzu artıq yaylaqdan qışlağa köç edir. Bu proses Zaqatalada sentyabrın 25-dən etibarən başlayıb. Hazırda bütün fermerlər sürülərini qışlaq dövrü üçün hazırlayır. Rayonda ənənəvi sahələrdən olan qoyunçuluq üçün bu il yaylaq mövsümü yaxşı keçib. Ancaq qışlaq mövsümü üçün təsərrüfat sahiblərini narahat edən məsələlər var. Təsərrüfatçılar problemlərindən danışıb.
Çoban əlindəki çomağla sürünü haraylayır. Yaylaq müddəti çobanlar üçün uğurlu olub. Mövsümün yağıntılı keçməsi özü ilə bəzi problemlər gətirsə də, yaxşı pendir əldə olunub və qoyunları gumrah şəkildə arana endirə biliblər. Ömrünün 20 ilini çobanlığa həsr edən 38 yaşlı Tarıyel Eyyubovu indi narahat edən əsas məsələ isə ,qışlağa gedincə, sürünü otaracaq payızlıq örüş sahələrinin az olmasıdır. Hazırda qoyun sürülərində yun qırxılması prosesi davam edir. Təxminən hər baş qoyundan 1.5-2 kq yun əldə etmək mümkündür. İldə iki dəfə qırxılan 2500-3000 baş qoyundan ortalama 3 ton yun əldə olunur. Yunun hər kiloqramına 1 manat 1.5 manat təklif edilir ki, buda onları qane etmir. Yaylaqdan enmiş xırdabuynuzlu mal-qara dabaq, qarayara kimi xəstəliklərə qarşı peyvəndlənib. Digər xəstəliklərə qarşı da proflaktik tədbirlər görülür. İki aya yaxın payızlıq otlaq sahədə qaldıqdan sonra sürülər Yevlax rayonunda yerləşən qışlağa yollanır. Payızlıq otlaq sahələrini isə fermerlər torpaq sahiblərindən razılaşma yolu ilə alıllar. Sürülər qışlağa qədər bir həftə, on gün yol gedir. Sürünü yaylaqdan qışlağa aparan çobanlar yol boyu sürüləri saxlamaq üçün müvafiq dayanacaq yerlərinin olmamasından da şikayət edir.