77 yaşlı nənənin kitab sevgisi...

13 2017 13:24

77 yaşlı bir nənəni sizə tanıdacağıq. Nənə dedikdə adətən təndirə çörək yapan, yağlı-üzlü yeməklər bişirən, ya da nəvəsinə nağıl danışan nurani qoca gözlərimiz önündə canlanır. Ancaq bu nənə, o nənələrdən deyil...7 yaşından bu yana düz 70 ildir ki, o, gününün 8 saatını kitab oxumağa həsr edir. 10 övlad böyüdən qəhrəman ana, keşməkeşli ömür yolunda heç nəyə baxmayaraq, sevgili kitablarından bir gün belə ayrılmayıb. Heç bir ali savadı olmasa da oxuduğu kitabları onun ən böyük elm qaynağıdır. Qaxın Əmbərçay kəndində yaşayan 77 yaşlı Begi Davudovanı hamı kitab həvəskarı kimi tanıyır. Bu günə kimi minlərlə müxtəlif mövzuda kitab oxuyan Begi nənə heç eynəkdən də istifadə etmir. Məktəbi bitirdikdən sonra ali təhsil almaq istəsə də məqsədinə çata bilməyib. Begi nənə 10 uşaq anasıdır və 1981-ci ildə qəhrəman ana adını alaraq medala layiq görülüb. 10 uşaqlı bir ananın vaxt tapıb illər ərzində kitab oxuması isə indiki gənclərə sözün əsl mənasında örnəkdir. Ağbirçək xanım sovet dövründə nə qədər çətin iş rejimi olsa da, əldə etdiyi qəzetlərin bir nömrəsini belə qaçırmadığını söyləyir. Türk dilində, kiril və latın əlifbasında səlis oxumağı bacaran 77 yaşlı Begi nənə gənc nəsilə kitab oxumağı məsləhət görür. Bir neçə ildir ki, fiziki məhdudiyyətli olan kitabsevər kənddə yerləşən kitabxananın səyyar xidmətindən istifadə edir. Kənd kitabxanacısı da Begi nənənin cox kitabsevər oldugunu və onun ən fəal oxucusu oldugunu deyir. O yaşlı oxucusuna kitabları özü aparıb evində təqdi edir. Begi Davudova 10 övladının hər birinə ali təhsil almaqda yardım edib. Bu gün isə 25 nəvəsi və 15 nəticəsinə kitab oxumağın vacibliyini təlqin edir.